01:00 Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü | |
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü Hər il 10 may tarixində Azərbaycan xalqı ən görkəmli dövlət xadimlərindən biri, milli yaddaşımızda silinməz izlər buraxan, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin, Azərbaycan xalqının Ümummilli liderinin əziz xatirəsini hörmətlə yad edir. Ümummilli liderin 95-ci doğum gününün yad edilməsi, özündən sonra böyük mənəvi irs qoymuş bu dahi şəxsiyyətin fəaliyyətinə nəzər salmağa imkan verir. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olub. 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsinə daxil olmuş, lakin İkinci dünya müharibəsinin başlanması ilə əlaqədar təhsili yarımçıq qalmışdır. Heydər Əliyev 1941-ci ildən Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında şöbə müdiri və Xalq Komissarları Sovetində məsul vəzifələrdə çalışmış, 1944-cü ildən isə dövlət təhlükəsizliyi orqanlarında işə göndərilmişdir. Leninqrad (indiki Sankt-Peterburq) və Moskva şəhərlərində xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Dövlət təhlükəsizliyi orqanlarında iyirmi beş il (1944-1969) çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədr müavini, 1967-ci ildən sədri vəzifələrində işləmiş və general-mayor rütbəsinə yüksəlmişdir. Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur. 1976-cı ildə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında isə Siyasi Büronun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmişdir. Bu vəzifədə işləyərkən Heydər Əliyev SSRİ-nin iqtisadi, sosial və mədəni həyatının ən mühüm sahələrinə rəhbərlik etmişdir. Heydər Əliyev iyirmi il ərzində SSRİ və Azərbaycan SSR Ali Sovetlərinin deputatı olmuş və beş il SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışmışdır. 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa vermişdir. Heydər Əliyev 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciənin ertəsi günü Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. SSRİ rəhbərliyinin ikiüzlü siyasəti nəticəsində Dağlıq Qarabağda yaranan kəskin münaqişə vəziyyətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir. 1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikasının Ali Məclisinin sədr müavini vəzifələrində çalışmışdır. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilmişdir. 1993-cü ilin may-iyun aylarında hökumət böhranının son dərəcə kəskinləşməsi nəticəsində ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarananda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbini irəli sürdü və Azərbaycanın o dövrkü rəhbərliyi Heydər Əliyevi Bakıya dəvət etməli oldu. Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilmiş, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlamışdır. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Daxili sabitliyin əldə edilməsi və qorunması istiqamətində yorulmadan çalışan Heydər Əliyev, 1993-95-ci illər ərzində daxili birliyi təmin edərək, ölkənin çiçəklənməsi prosesinin əsasını qoydu. 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın 11 ən iri neft şirkəti ilə Əsrin Müqaviləsi imzalandı. Çox çətin tarixi və geosiyasi təlatümlər dövründə Azərbaycanın enerji resurslarının dünya bazarına çıxarılmasını, və beləliklə də, gələcək nəsillər üçün təhlükəsiz neft siyasətinin aparılmasını təmin edən Heydər Əliyev, həm də çox istiqamətli tarazlaşdırılmış xarici siyasət konsepsiyasını formalaşdırdı. O, qonşu ölkələr olan Rusiya və İranla mehriban qonşuluq münasibətlərini inkişaf etdirməklə yanaşı, Qərb ölkələri ilə də bütün sahələrdə münasibətlərin dərinləşdirilməsi istiqamətində fəal siyasət yürütmüşdü. 1995-ci ilin noyabrında referendum yolu ilə Azərbaycan Respublikasının ümumbəşəri demokratik dəyərləri özündə əks etdirən Konstitusiyasının qəbul edilməsi, 1995 və 2000-ci illərdə çoxpartiyalılıq əsasında demokratik parlament seçkilərinin keçirilməsi, Konstitusiya məhkəməsinin fəaliyyətə başlaması, Azərbaycanda ölüm cəzasının ləğv olunması, "Bələdiyyə seçkiləri haqqında qanun"un və bir sıra digər qanunların qəbulu və əməli surətdə həyata keçirilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Dağlıq Qarabağın və digər bitişik 7 rayonun Ermənistanın işğalından azad edilməsi üçün bütün səylərini cəmləşdirən Heydər Əliyev, danışıqlar prosesində və bütün beynəlxalq tribunalarda Azərbaycanın haqqı səsinin dünya ictimaiyyətinə çatdırılması üçün yorulmadan çalışmışdır. Heydər Əliyev 1998-ci il oktyabrın 11-də xalqın yüksək siyasi fəallığı şəraitində keçirilən seçkilərdə səslərin 76,1 faizini toplayaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Heydər Əlyevin təşəbbüsü, bilavasitə rəhbərliyi ilə 2001-ci il noyabrın 9-10-da dünya azərbaycanlılarının Bakıda keçirilən I qurultayı Azərbaycan diasporunun fəaliyyətinin yaxşılaşdırılması və gücləndirilməsi sahəsində çox dəyərli tarixi qərarlar qəbul etmişdir. Öz namizədliyinin növbəti prezident seçkilərində irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə bağlı 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə iştirakdan imtina etmişdir. Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu Klivlend klinikasında (ABŞ) vəfat etmiş, dekabrın 15-də Bakıda Fəxri xiyabanda dəfn olunmuşdur. | |
|
Şərhlər: 0 | |