Sədərək
Sədərək rayonu - 15.01.1990
|
Qazax
Qazax rayonu - 1990-1992-ci illər
|
Xankəndi
Xankəndi rayonu - 26.12.1991
|
Xocalı
Xocalı rayonu - 26.02.1992
|
Şuşa
Şuşa rayonu - 08.05.1992
|
Laçın
Laçın rayonu - 18.05.1992
|
Xocavənd
Xocavənd rayonu - 02.10.1992
|
Kəlbəcər
Kəlbəcər rayonu - 02.04.1993
|
Tərtər
Tərtər rayonu - 07.07.1993
|
Ağdam
Ağdam rayonu - 23.07.1993
|
Cəbrayıl
Cəbrayıl rayonu - 23.08.1993
|
Füzuli
Füzuli rayonu - 23.08.1993
|
Qubadlı
Qubadlı rayonu - 31.08.1993
|
Zəngilan
Zəngilan rayonu - 29.10.1993
|
ƏSAS SƏHİFƏ » Tarixi hadisələr » Azərbaycanın işğal olunmuş əraziləri » Füzuli |
05/05/2017, 14:57 | |
Azərbaycan Respublikası Füzuli rayonu
23 avqust 1993-cü il tarixindən Füzuli şəhəri və rayonun böyük hissəsi erməni silahlı dəstələri tərəfindən işğal edilib. 1959-cu ildə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır. Füzuli Azərbaycan Respublikasında inzibati rayondur. Ən iri yaşayış məntəqələri Fuzuli şəhəri, şəhər tipli Horadiz qəsəbəsi, Böyük Bəhmənli, Horadiz və Qacar kəndləridir. Əhalinin daha çox olduğu yaşayış məntəqələri Böyük Bəhmənli, Horadiz şəhəri, Kərimbəyli və Əhmədbəyli kəndləridir. Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir, və Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Cənub-şərqdə Araz çayı boyunca İran İslam Respublikası ilə həmsərhəddir. Hazırda rayonda 45 inzibati ərazi dairəsi olmaqla 2 şəhər, 16 qəsəbə və 81 kənd yaşayış məntəqəsi və ərazisi 1390 km2, 125400 nəfərə yaxın əhalisi vardır. Füzuli rayonu Azərbaycan Respublikasında inzibati mərkəzi Füzuli şəhəridir. İşğaldan azad olunmuş ərazilərdə isə 1 şəhər, 16 qəsəbə və 21 kənd var. Hazırda 60 kənd və rayon mərkəzi erməni silahlı dəstələri tərəfindən ərazi işğal altındadır. Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınmış və məcburi köçkün ailələri, müvəqqəti olaraq burada yerləşdirilmişlər. Hazırda ərazidə 51 min nəfər məcburi köçkün məskunlaşmışdır. Füzuli rayonu işğal olunmuş rayonlar arasında əhalisinin sayına görə, Ağdamdan sonra ikinci yerdə dayanır. Rayonun tarixçəsi Bölgə inzibati ərazi vahidi kimi 1827-ci ildə yaradılmış və ilkin adı Qarabulaq olmuşdur. Şəhərin yaranma tarixi 1827-ci ildən hesablansa da arxeoloqlara görə burdakı insan düşərgələrinin tarixi 1,5 milyondan əvvələ gedib çıxır. Bu məskənin ilk adı Qarabulaq olmuşdur. “Qarabulaq” sözünün açıqlanmasını “qara su”, “qara bulaq” ifadələri ilə əlaqələndirirlər. Meşəlik ərazidə çıxan bulaqlara və yaxud cənubdan şimala, şərqdən qərbə axan bulaqlara, sulara, çaylara “qara bulaq”, “qara su”, “qara çay” deyirlər. Ümumiyyətlə, qədim türklərin yəqin ki, suyun sirrini bilən Xızır peyğəmbərdən başlayaraq, suyun axını haqqında mükəmməl bilikləri olub. Bu günə qədər gəlib çıxmış hidronimlərdə ku, cu, su ifadələri o qədər dəqiq yerinəoturdulub ki, ulu babalarımızın bu sahədə bilikləri heyrət doğurur və insanı istər-istəməz “ümumaxın qanunlarına tabe olan və tabe olmayan” sular haqqında düşünməyə vadar edir. Kəndin adı, qara (böyük), bul (tap, tanı, bil), ak (ok, yurd, yer), “tanınmış böyük yurd” kimi də açıqlanır. Lakin “qarabulaq” sözü bulaq-oğuz tayfasının adından da yarana bilər. Bu halda “qarabulaq” sözü “böyük bulaq-oğuz yurdu” kimi açıqlanır. Hökmdarları toğuz-ğuzz ailəsindən olan və “Buğra xan” ünvanı daşıyan yağma-oğuzların böyük bir boyunun adı “bulaq” olmuşdur. Bu barədə “Oğuzlar” kitabında yazılır: “Kaşğarinin “türkcə” və ya “xaqanlı türkcəsi” dediyi türk dili gərək ki, bu yağmaların ləhcəsidir. Yağmalar bir çox boylardan meydana gəlmişlər. Bunlardan biri bulaq boyudur” Fikrimizcə, qədim zamanlardan oğuzların (içquz, quzman) yurdu olmuş Qarabulaq kəndinin adı məhz bulaqoğuz tayfalarının adı ilə bağlıdır. Bu qəzа 1867-ci ildə Cəbrayıl qəzası кimi yаrаnıb. 1905-ci ildən I Rus-İrаn sаvаşının iştirакçısı pоlкоvniк Pavel Karyaginin şərəfinə Qаryаgin qəzаsı аdlаnıb. 30 avqust 1918-ci ildə yenidən Cəbrayıl qəzası kimi formalaşıb. Qаryаgin (Cəbrаyıl) qəzаsının 1918-1920-ci illərdə, АDR dönəmində rəisi öncə Bəhrambəyоv, sоnrа Hüsеyn bəy Bеhbud bəy оğlu Mahmudbəyоv idi. Qаryаgin qəzаsınа rəis, nahiyələrə pristаv bаşçılıq еdirdi. Qаryаgin qəzаsı I–ci Böyüк Bəhmənli pоlis sahəsi, II-ci Hоrаdiz pоlis sahəsi və III-cü Cəbrаyıl pоlis sagələrinə аyrılırdı. 1918-1920-ci illərdə, АDR dönəmində 1-ci sahənin pоlis pristаvı Həbib Məhərrəmоv, 2-ci sahənin pоlis pristаvı Həsən bəy Vəzirоv, 3-cü sahənin pоlis pristаvı Cаmаl bəy Əlibəyоv. 1930-cu ildə qəzа ləğv еdilib, rayon kimi 8 avqust 1930-cu ildə təşkil olunmuş və Qaryagin adlandırılmışdır. 2 mаrt 1959-cu ilə qədər Qаrаbulаq, Каryаgin аdı аltındа öz fəаliyyətini dаvаm еtdirir. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə, Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır. 1968-ci ilin yayında mərhum arxeoloq-alim Məmmədəli Hüseynov tərəfindən aşkar olunmuş preneandertal, Azıxantrop adamının alt çənəsinin sümükləri rayon mərkəzindən 15 km. aralı məsafədə yerləşən Azıx mağarasında tapılmışdır. Azərbaycan arxeologiya elminin böyük nailiyyətləri olan bu abidə Qarabağın Füzuli ərazisində vaxtilə qədim paleolit dövrünün mövcudluğunu aşkarladı. Qüdrət İsmayılov, “Quruçay və Köndələnçay vadisində qədim mədəniyyət izləri”, kitabında qeyd edir ki, 1972-ci ilin tədqiqat mövsümündə Qarabulaq nekropolunda axtarış aparılarkən qismən dağıdılmış bir qəbir də qazılmışdır. Tədqiqat zamanı müəyyənləşdirilmişdir ki, bu tunc dövrünün sonu, dəmir dövrünün əvvəllərinə aid torpaq qəbirdir. Qəbir, eləcə də oradakı skelet dağıdıldığından qəbirin formasını və istiqamətini təyin etmək mümkün olmamışdır. Bununla belə buradan nisbətən bütöv olan iki ədəd gil qab, müxtəlif muncuqlar və digər qab nümunələrinə aid qruplar əldə edilmişdir. Bütöv qabların ikisi də eyni formalı olmaqla təkqulp küpələrdən ibarətdir. Onlar bir-birindən yalnız səthlərinin rəngi və naxışlanmasına görə fərqlənir. Bu qəbir Qarabulaq nekropoluna aid yeni dəlildir. Belə ki, əgər əvvəllər nekropolun son tunc və ilk dəmir dövrü qəbir abidələri Yalnız kurqanaltı qəbirlərlə səciyyələnirdisə, indi burada həmin dövrdə torpaq qəbirlərin də mövcud olması müəyyənləşdirilmişdir. Bunlar çox güman ki, yaxınlıqdakı Şəkərcik yaşayış yerinin qədim əkinçi sakinlərinə məxsus imiş. Beləliklə, bütün bu dəlillər bu vadidə e. ə. I minilliyin başlanğıcını əhatə edən son tunc, ilk dəmir dövründə oturaq tayfalara aid özünəməxsus səciyyəvi xüsusiyyətlərə malik olan əkinçilik mədəniyyətinin mövcudluğunu əks etdirir Bu mədəniyyət daha qədim yerli mədəniyyətlə bağlı olmuş və bilavasitə özündən əvvəlki mədəniyyətin bünövrəsi əsasında yeni inkişaf yoluna qədəm qoymuşdu. Böyük Bəhmənli kəndi ərazisində yerləşən Üçtəpə abidəsinin tarixi bizim eradan əvvəl birinci minilliyə dayanır. Qədim türkdilli xalqlardan birinə aid edilən bu kurqanların ətrafında aparılmış qazıntılar zamanı qara gildən düzəldilmiş məişət qabları, həmçinin dəvəgözü daşından müxtəlif əşyalar aşkarlanıb. Ətrafında vaxtı ilə yaşayış məntəqəsi və Alban şəhərinin olduğu iddia edilən bu kurqanların sayının daha çox olduğu söylənilir. Azıx düşərgəsinin VII-X təbəqələrindən aşkar olunmuş Quruçay mədəniyyəti mağarada qədim insanlann ilkin məskunlaşmasından xəbər verir. Ibtidai insanların həyatmda mağaranın yaxınlığından axan Quruçayın mühüm rolu olmuşdur. Qədim insanlar əmək alətləri hazırlamaq üçün çay daşlarını məhz Quruçaydan toplayıb Azıx düşərgəsinə gətiraıişlər. Eyni zamanda Azıx düşərgəsinin sakinləri Quruçay dərəsində ovçuluq və yığıcılıqla da məşğul olmuşlar. Hələ ən qədim zamanlardan Quruçay dərəsində ibtidai insanların yaşaması üçün zəruri olan bütün nemətlər olmuşdur. VII-X təbəqələrdə aparılan tədqiqatlar zamanı tapılmış maddi mədəniyyət nümunələri yeni bir arxeoloji mədəniyyətdən xəbər verirdi. Təbəqələrdən tapümış əmək alətlərinin hazırlanma texnikası və tipologiyasmm özünəməxsus xüsusiy-yətlərinə görə yeni aşkar olunmuş maddi mədəniyyət nümunələrinə Quruçayın adı verilmişdir. Aparılan elmi tədqiqatlar zamanı Quruçay mədəniyyətinin bir neçə inkişaf mərhələsi keçməsi müəyyən olunmuşdur. Mədəniyyətin ilkin mərhələsində əmək alətləri olduqca kobud və bəsit hazırlandığı halda, sonrakı inkişaf mərhələlərində onların hazırlanma texnikası təkmilləşmiş və yeni-yeni əmək alətləri hazırlanmağa başlanmışdır. Aparılan kompleks elmi tədqiqatlar zamanı müəyyən olunmuşdur ki, Azıx qədim insan düşərgəsində Quruçay mədəniyyəti dövrü uzun müddətli inkişaf-dan sonra qədim aşel mədəniyyəti ilə əvəz olunmuşdur. Orta əsrlərdə Füzuli rayonu ərazisində bir sıra qala şəhərləri olub. Bura sonralar itib batmış, sovetlərin xalq təsərrüfatını inkişaf etdirdiyi bir dövrdə qalıqları məhv edilərək pambıq tarlasına çevrilmiş Bəhmən şəhəri, Qarabağlar şəhəri və s. daxildir. Ərazidə Dizaq mahalı olubdur. Dizaq adı VII əsrə aid hadisələrdə çəkilir. Mirzə Yusif Qarabağlıya görə mahalın uzunluğu Əkərə çayı və Gültəpədən başlayaraq Maltəpəyə kimi, eni isə Arazdan Xurat dağına qədər olan ərazinin əhatə edir. Başqa sözlə, indiki Füzuli və Cəbrayıl rayonlarının ərazilərini əhatə edirdi. XVIII əsrdə İrəvan xanlığının Qırxbulaq mahalında Dizək kənd adı ilə mənaca eynidir. Orta fars dilində dizək “qüvvətləndirilmiş yer“ sözündəndir. Nizami Gəncəvinin “Xosrov və Şirin“ poemasında Dizaknak kimidir. Sınır-sərhəddi dürlü dönəmlərdə gah azalmış, gah da genişlənmişdir. Tarixçi Mirzə Yusif Qarabaği Xəmsə mahallarından danışarkən Dizağı birinci qeyd edir və sınırlarını özü bildiyi kimi cızır. О, yazır: «Birinci Dizaq mahalıdır ki, uzunu Həkəri çayı və Kültəpədən başlayaraq, Maltəpəyə kimi, eni isə Araz çayından Xurat (Ziyarət) dağına kimidir» . Əslində mahalın ərazisi tarixçinin göstərdiyindən bir az qısıq idi. Dizaq mahalı güneydən Xırdapara-Dizaq, günbatandan Dizaq-Cəbrayıllı, quzeydən Vərəndə və gündоğandan Cavanşir-Dizaq mahalları ilə çevrələnirdi. Dizaq mahalının baş kəndi Tuğ şenliyi idi. Bu mahala Füzuli bölgəsinin Hоğa (Üçbulaq), Cuvarlı, Xələfşə, Rəfəddinli, Arış, Şıxımlı, Gavşatlı kəndləri bağlı idi. Böyük Bəhmənli və Əhmədbəyli kəndləri arasında yerləşən və bu gün də Alaqarğı adlanan yer vaxtı ilə yaşayış məskəni olub. Hələ də yerli sakinlərin “Pənah xanın yurdu” adlandırdıqları bu yerdə aparılan qazıntılar zamanı orta əsrlərə aid tarixi əşyalar üzə çıxarılır. Füzuli rayon Tarix Muzeyindən verilən məlumata görə, Qarabağ xanlığının banisi Pənah xanın uşaqlığı və gəncliyi bu yurdda keçib. Bununla bağlı “Qarabağnamələr”də də bir sıra məlumatlar yer alıb. Həmin ərazidən Araz çayına doğru təxminən bir kilometr uzaqlıqda isə Qızılbaş adlı ərazi yerləşir. Rəvayətlərə görə, bu ərazini Şirvanşah Fərrux Yasarı məğlub etdikdən sonra qoşunu ilə Naxçıvana doğru irəliləyən Şah İsmayıl öz sərkərdələrindən birinə bağışlayıb. Füzulinin işğalı 1988-ci ildən başlayan Ermənistan təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşmüş, yüzlərlə füzulili şəhid olmuş, yaralanmış, itkin düşmüşdür. Füzulinin 1100-dən çox şəhid və itkini, 113 girovu, 1450 nəfər müxtəlif dərəcəli əlili var. Füzuliyə erməni təcavüzü nəticəsində 36.361 nəfər uşaq zərər çəkmiş, onlardan 155 nəfəri yetim qalmışdır. Müharibənin əsas ağırlığını Yağlıvənd, Qacar, Divanalılar, Yuxarı Veysəlli, Aşağı Veysəlli, Qaradağlı, Üçbulaq, Arış, Qoçəhmədli, Cuvarlı, Güzdək, Gorazıllı, Cəmilli, Dilağarda, Govşad, Xələfşə, Mollavəli, Xatunbulaq kəndlərinin əhalisi çəkmişlər. Füzuli rayonu 23 avqust 1993-cü il tarixdə ermənistan silahlı dəstələri tərəfindən işğal olunmuş, 55 min nəfərə yaxın füzulili öz doğma torpaqlarından qovuldu. 05 yanvar 1994-cü ildə erməni silahlı dəstələrinin hücumu zamanı, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə, Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən, başlatdığı əməliyyat nəticəsində işğal olunmuş rayonun, 21 kənd və strateji cəhətdən əhəmiyyətli Horadiz qəsəbəsi işğaldan azad edildi. İşğaldan azad olunmuş ərazilərdə isə 1 şəhər, 16 qəsəbə və 21 kənd vardır. 1994-1997-ci illərdə Füzuli rayonunun işğaldan azad olunmuş ərazilərinə 51000 dinc sakin qayıdaraq öz normal həyatlarını bərpa ediblər. Azərbaycan ordusu daha sonra Füzuli şəhərinin işğaldan azad olunması üçün, hücuma keçsə də, bu əməliyyat uğursuzluqla nəticələndi. Hazırda 60 kənd və rayon mərkəzi erməni silahlı dəstələri tərəfindən ərazi işğal altındadır. Atəşkəs müqaviləsi imzalanmasına baxmayaraq, cəbhənin bütün istiqamətlərində olduğu kimi, Füzuli rayonu ərazisində də tez-tez atəşkəs pozulur. Rayona Füzuli şəhəri, Horadiz şəhəri, 16 yeni salınmış qəsəbə (Qayıdış-1, Qayıdış-2, Qayıdış-3, Qayıdış-4, Qayıdış-5, Qayıdış-6, Qayıdış-7, Qayıdış-8, Qayıdış-9, Qayıdış-10, Qayıdış-11, Zobucuq-1, Zobucuq-2, Zobucuq-3, Zobucuq-4, Zobucuq-5) və 81 kənd Əhmədbəyli, Bala Bəhmənli, Araz-Zərgar, Araz Dilağarda, Birinci Mahmudlu, İkinci Mahmudlu, Əhmədalılar, Qazaxlar, Mirzənağılı, Aşağı Kürdmahmudlu, Yuxarı Kürdmahmudlu, Alxanlı, Böyük Bəhmənli, Kərimbəyli, Arayatılı, Babı, Mollaməhərrəmli, Horadiz, Aşağı Seyidəhmədli, Şükürbəyli, Yuxarı Seyidəhmədli, Qorqan, Şəkərcik, Şıxlı, Gecəgözlü, Üçüncü Mahmudlu, Aşağı Veysəlli, Yuxarı Veysəlli, Saracıq, Yuxarı Rəfədinli, Gorazıllı, Qaradağlı, Yuxarı Güzlək, Xatınbulaq, Qacar, Divanalılar, Qaraxanbəyli, Merdinli, Qoçəhmədli, Ans, Mollavəli, Dədəli, İşıqlı, Qarğabazar, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Qaraməmmədli, Dilağarda, Qobu Dilağarda, Qərvənd, Yuxarı Əbdürrəhmanlı, Kürdlər, Aşağı Əbdürrəhmanlı, Dördçinar, Seyidmahmudlu, Ələsgərli, Hüseynbəyli, Pirəhmədli, Musabəyli, Mandılı, Aşağı Güzlək, Aşağı Rəfədinli, Üçbulaq, Cuvarlı, Xələfşə, Çimən, Yuxarı Aybasanlı, Dövlətyarlı, Aşağı Yağlıvənd, Qarakollu, Govşadlı, Hacılı, Mirzəcamallı, Zərgar, Qızılqışlaq, Ağbaşlı, Murtuzalılar, Hüngütlü, Sərdərli, Sıxımlı, Gövşatlı kəndləri daxildir. Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma problemlərinin həllinə dair, Qəsəbələrdən 12-i Azərbacyan Respublikası Prezidentinin 2001-ci il 7 sentyabr tarixli 577 nömrəli, 2002-ci il 13 may tarixli 700 nömrəli Fərmanları ilə Dövlət Neft Fondundan ayrılmış vəsait hesabına işğaldan azad olunmuş ərazidə məcburi köçkün ailələri üçün, yeni qəsəbələr salınmışdır. Azərbaycan Respulikasının Füzuli rayonun 21 yerli özüidarə orqanı olan, bələdiyyələr faəliyyət göstərir. Rayonun digər bir problemi işğaldan azad olunmuş ərazilərin, minalardan təmizlənməsidir. Atəşkəsin pozulmasına baxmayaraq, Füzuli rayonu ərazisinin minalardan təmizlənməsi işlərinə başlanılmışdır. Bundan başqa rayonun ərazisində Beyləqanla sərhəddə 2003-cü ildə Qayıdış adlı 12 qəsəbə inşa edilib. Bu qəsəbələrdə əsasən İmişli və Biləsuvar rayonlarında 1993-cü ildə salınmış çadır düşərgələrindən çıxarılan Füzuli məcburi köçkünləri məskunlaşdırılıb. Zobcuq adlı ərazidə salınmış yeni qəsəbələrdə də məskunlaşma aparılıb. 2011-ci ilin ortalarına olan məlumata görə, Füzuli rayonunun işğaldan azad olunmuş hissəsində 9 milyon metr² ərazidə partlamamış hərbi sursat var. Ermənistanın silahlı dəstələri ilə, mübarizədə rayon sakinlərindən, 400 nəfərədək müharibə əlili, 657 nəfər şəhid, 181 nəfər əsir və itkindir. Altı nəfərə Azərbaycan Respublikasının Milli qəhrəmanı adı verilmişdir. Vaxtilə rayonda onlarca adama Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir. 7 cağırış SSRİ Ali Sovetinin, 9 çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş Şamama Həsənova 2 dəfə Sosialist Əməyi Qəhrəmanı olmuşdur. 2 nəfər İlyas Əfəndiyev və Elcin Əfəndiyev xalq yazıcısı, 2 nəfər İslam Rzayev və Qəndab Quliyeva xalq artisti olmuşdur. Burada 300-dən artıq elmlər namizədi və elmlər doktoru yetişmişdir. Füzuli tarix və memarlıq abidələri ilə, zəngin bir rayondur. Rayonun çoxsaylı tarixi-arxeoloji və memarlıq abidələri, о cümlədən qədim yaşayış məskənləri, Qarğabazar kəndində 1684-cü il Karvansarayı, Qarğabazar kəndində XVII əsr məscid binası, Qarğabazar kəndində XVIII əsr Cəlil türbəsi, Aşağı Veysəlli kəndində XIII əsr hamar daşdan tikilən qülləvari Mirəli türbəsi, Qoçəhmədli kəndində XVIII əsr məscid binası, Qoçəhmədli kəndində XVIII əsr yaşayış binası, Horadiz kəndində XIX əsr məscid binası, Horadiz kəndində XIX əsr İmamzadə türbəsi, Füzuli şəhərində XIX əsr Hacı Ələkbər məscid binası, Aşağı Aybasandı kəndində XVIII əsr İbrahim türbəsi, Qacar kəndində XIX əsr məscid binası, Böyük Pirəhmədli kəndində XIX əsr məscid binası, Merdinli kəndində XVIII-XIX əsr məscid binası daşdan yonulan at, qoç fiquru qədim abidələri, Saracıq və Gorazıllı kəndlərindəki XIX əsr körpüləri (Alı körpüsü, Kərəm körpüsü), Aşağı Veysəlli kəndində abidə kimi XII əsr qəbiristanlığı, Əhmədalılar kəndində XIII əsr Arğalı türbəsi, Babi kəndində XIII əsr (1273-cü il) Şeyx Babi Yaqub türbəsi, Qarğabazar kəndində 1682-ci il Hacı Qiyasəddin məscidi, "Məşədi Həbib" hamamı XIX əsr və Əcəmi memarlıq məktəbinin təsiri ilə, inşa olunan bir sıra memarlıq abidələri vardır. İşğaldan azad edilmiş ərazidə mövcud olan mədəniyyət və dini abidələr, Babi kəndində XIII əsr (1273-cü il) Şeyx Babi Yaqub türbəsi, Əhmədalılar kəndində XIII əsr Arğalı türbəsi, Böyük Bəhmənli kəndində XIX əsr məscid binası. Yer üzünün ilk insan məskənlərindən biri sayılan Azıx mağarası buradadır. Quruçay mədəniyyətinə evsahibliyi edir. Saf hava, bol günəş, bərəkətli torpaqlar, duzlu və məzəli, təmiz ürəkli insanlar, türbələr, karvansaraylar, qəsr, qala və s. hasar izləri Qarabağ müharibəsinə qədər qalmaqda idi. Məşhur Ərgünəş meşələri 1993-cü ildən bəri hər il yandırılır, ağacları qırılır. Ekoloji ekspertlər bildirir ki, Füzuli rayonu ərazisinə yaxın olan Azıx və Tağlar mağaraları dünya tarixinin qədim abidəsi kimi YUNESKO-nun siyahısına düşmüşdür. Azıx poliolit düşərgəsində aşkar olunmuş maddi-mədəniyyət nümunələri 1981-ci il dekabrın 8-də Fransanın paytaxtı Parisin İnsan Muzeyində «Avropanın ilk sakinləri» adlı beynəlxalq sərgidə nümayiş etdirilib. Təəssüf ki, erməni işğalçıları tərəfindən, vandalizmi nəticəsində Azıx, Tağlar,Qaraköpəktəpə, Meynətəpə və başqa tarixi abidələr dağıdılmış, yandırılmış və talan olunmuşdur. Rayonun işğaldan azad olunmuş Arazboyu ərazilərində yol boyu tez-tez kurqan tipli abidələrlə rastlaşmaq mümkündür. Əhmədbəyli və Böyük Bəhmənli kəndlərinin arasında yerləşən Kültəpə, Böyük Bəhmənli kəndində yerləşən Üç təpə kurqanları və bu kurqanların ətrafında qədim yaşayış məntəqələrinin, o cümlədən Alban şəhəri və Bəhmən şəhərinin qalıqları aşkarlanıb. Tarixçilərin sözlərinə görə, ərazidə qədim dövrlərdən etibarən türklərin məskunlaşmasına dair faktlar var. Bu faktlar həm toponimlər, həm də bu xalqlara məxsus spesifik abidələrlə sübuta yetirilib. Bunlardan da ən inandırıcısı nə zərdüştlükdə, nə xristianlıqda, nə də islamiyyətdə olmayan qəbir-kurqanlardır. Məhz bu kurqanlar erməni fırıldaqçılarının ciddi-cəhdlə ərazidə tarix boyu ermənilərin yaşaması iddialarını alt-üst edir. Füzuli rayonu ərazisində müxtəlif dövrlərdə Qaraköpəktəpədə, Qarabulaq kurqanlarında, Günəştəpədə, Quruçay sahillərində və digər yerlərdə tədqiqatlar aparılmış, Azərbaycanın qədim kökə sahib olduğu sübut edilmişdir. Mədəniyyət Füzuli rayon mədəniyyət və turizm şöbəsi rayon ərazisinin erməni işğalından sonra fəaliyyətlərini Bakı şəhərində və rayonun işğaldan azad edilmiş ərazilərində bərpa etmişdir. Rayon tarix-diyarşünaslıq muzeyi, Bünyad Sərdərovun ev muzeyi, iki uşaq incəsənət və 5 uşaq musiqi məktəblərinin Bakı şəhərində, 1 muzey filialı, mərkəzləşdirilmiş kitabxana sisteminin və onun 33 filialinin, 14 kənd mədəniyyət evinin, 7 klub müəssisəsinin, 5 uşaq musiqi məktəblərinin fəaliyyətləri rayon ərazisində bərpa edilmişdir. Rayon mərkəzi kitabxanasında və onun filiallarında tədbirlər planına uyğun olaraq əlamətdar günlərlə bağlı yüksək səviyyədə tədbirlər-sərgilər, güşələr, stendlər, görüşlər təşkil edilmişdir. Xüsusilə ziyalılarla görüşlər, kitab müzakirələri, vətənpərvərlik mövzusunda diskusiyalar, sual-cavab gecələri böyük maraq doğurmuşdur. Füzuli Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə 2012-ci il Füzuli rayonunda “kitabxana ili” elan olunmuşdur. Mərkəzi kitabxana sisteminə lazım olan qədər kompüter dəstləri alınmış, səyyar telefonlar vasitəsi ilə internetə qoşulmuş, internet saytı açılmış, elektron katoloq yaradılmış və xeyli sayda elektron ədəbiyyatlar alınmışdır. Rayon MKS-nin kitab fondu bu ilin əvvəlinə: 33430 nüsxə, o cümlədən latın qrafikalı : 32237 nüsxədir, oxucuların sayı 6683 nəfər, kitab dövriyyəsi isə 40303 nüsxə olmuşdur. Rayon Tarix-diyarşünaslıq muzeyinin Bala Bəhmənli kənd filialı rayon ərazisində fəaliyyət göstərən orta məktəblərdə bir sıra mədəni-kütləvi tədbirlər həyata keçirmişdir. Bundan başqa məktəblilərin muzeyə cəlb olunması sahəsində fəal iş aparılır. 2012-ci ilin 5 ayı ərzində muzeyə 300 nəfərə yaxın məktəbli baxmışdır. Eksponat işi də mütamadi olaraq davam etdirilir. Muzey əməkdaşları məktəblərdə səyyar sərgilər təşkil edir, rayonun tarix və mədəniyyətinə dair mühazirələr oxuyurlar. Rayon İcra Hakimiyyəti tərəfindən Horadiz şəhər Mədəniyyət evinin binası yenidən qurulmuşdur. Heydər Əliyev Mərkəzi tikilmiş və mərkəzdəki kitabxanada elektron kataloq yaradılmış, elektron ədəbiyyatlar alınmış, mərkəzdə kompüter kurslarının keçirilməsi üçün bütün işlər görülmüşdür. Mərkəzdə internet şəbəkəsi yaradılmışdır. Mərkəz yeni salınmış Heydər Əliyev Parkında yerləşir. Parkda min ədəddən artıq bəzək və gül ağacları əkilmiş, insanların rahat dincəlmələri üçün bütün şərait yaradılmışdır. Yeni müəssisələrin hər üçü ölkə rəhbəri cənab İlham Əliyevin rayona gözlənilən gəlişi zamanı istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Rayonun işğaldan azad olunmuş ərazilərində 2 tarix və 1 mədəniyyət abidəsi rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən mühafizə olunur. Bu abidələrin hər 3-ü erməni işğalı zamanı dağıdılaraq baxımsız hala salınmışdır. Həmin abidələrdən Babı kəndindəki XIII əsrə aid Şeyx Babı Yaqub türbəsində Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qazıntı işləri aparılmış və yaxın günlərdə bərpa işlərinə başlanılacaqdır. Əhmədalılar kəndindəki XIII əsrə aid Əhmədalılar türbəsinin və XIX əsrə aid Böyük Bəhmənli kəndindəki məscid binasının bərpası üçün müvafiq təşkilatlara müraciətlər olunmuşdur. İqtisadiyyat Füzuli rayonu 1970-ci ildən böyük inkişaf yolu keçmiş, tərəqqi etmiş, sənaye və müasir kənd təsərrufatı rayonuna çevrilmişdir. Erməni işğalına qədər rayonda pambıqtəmizləmə, yağ-pendir və dəmir-beton məmulatı zavodları, toxuculuq fabriki, daş karxanası, 11 üzüm emalı müəssisəsi, 86 ümumtəhsil və 2 texniki peşə məktəbi, 65 məktəbəqədər uşaq bağcası, 10 musiqi məktəbi, 20 mədəniyyət evi, 100-dən cox iri müəssisə və təşkilat, xalq teatrı, 17 kinoqurğu, 2 muzey, taxıl məhsulları kombinatı, 90 kitabxana, 13 xəstəxana, 17 həkim məntəqəsi, 15 kolxoz, 26 sovxoz, dram teatrı, 1 tarix-diyarşunaslıq muzeyi, 79 klub muəssisəsi, 48 feldşer-mama məntəqəsi fəaliyyət göstərirdir. Rayon əsasən kənd təsərrüfatında üzümçülük, taxılçılıq və heyvandarlıqdır olmuşdur. Qaramal kökəltmə və qoyunçuluq birlikləri yaradılmış, quşçuluq və baramaçılıqla məşğul idi. Kənd təsərrufatına yararlı torpaqlar 85 min hektar, 50,9 min hektar otlaq sahələri var idi. Rayonda Araz çayı üzərində Köndələn su anbarı tikilmiş, suvarma kanalları çəkilmişdir. Suvarılan torpaqlar 24 min hektar idi. 1980-ci ilədək pambıqcılığa geniş yer verilmişdi. Sonralar rayonun təsərrufatları üzümçülük üzrə ixtisaslaşmışdı. 17,4 min hektarda üzüm bağları salınmışdı. Üzumçülükdə ən yüksək məhsuldarlıq 1985-ci ildə olmuş, 120 min ton uzum yığılmışdır. 17600 baş qaramal, 70000 baş qoyun və keçi saxlanılırdı. 23 avqust 1993-cü ildə erməni silahlı dəstələri tərəfindən dağıdılmış və yandırılmışdır. İşğal olunan əraziyə qayıdışdan ötən müddət ərzində ümummilli lider Heydər Əliyevin qayğısı sayəsində 21 məktəb binası müasir tələblərə cavab verən səviyyədə bərpa olunmuş, 8 məktəb binası yenidən tikilmiş, 11 tibb müəssisəsi bərpa olunmuş, 8 tibb müəssisəsi yenidən tikilmiş, ermənilər tərəfindən dağıdılmış və yandırılmış 3 mindən çox ev bərpa olunaraq sahiblərinin istifadəsinə verilmişdir. Bundan başqa həmin müddətdə xeyli xidmət, mədəniyyət obyektləri, inzibati binalar bərpa olunmuşdur. Hazırda rayonun 38 ümumtəhsil müəssisəsi, 2 texniki peşə məktəbi, 15 uşaq bağcası, 28 kitabxana, 19 klub müəssisəsi, 5 musiqi məktəbi, 7 xəstəxana, 16 həkim məntəqəsi, 9 feldşer-mama məntəqəsi işğaldan azad olunmuş ərazidə fəaliyyət gostərir. 1997-ci ildən başlayaraq rayonda işğaldan azad olunmuş ərazidə yeni iqtisadi islahat həyata keçirilməyə başlanmış, torpaq kəndlilərə paylanmışdır. Hazırda rayonun özəl bölmələrində 17328 baş qaramal, 60 min başa yaxın qoyun və keçi vardır. Keçən il rayonun işğaldan azad olunan ərazisində 20 min ton taxıl istehsal olunmuşdur. Rayonun ərazisindən Bakı-Naxçıvan dəmir yol xətti keçir. Rayon ərazisində dəmir yol xəttinin uzunluğu 36 km-dir və dördüncü kateqoriyaya aiddir. Bakı-Naxcıvan magistral yolu Fuzuli rayonu ərazisindən keçir. Hazırda işğaldan azad olunmuş ərazidə respublika əhəmiyyətli 110 km uzunluğunda avtomobil yolu vardır və həmin yollar üçüncü kateqoriyalı sayılır. Füzuli rayonunun ümumi sahəsi 1390 kadrat kilometrdir. Füzuli Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. Füzuli rayonu Cəbrayıl, Xocavənd, Ağcəbədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir. Rayon əhalisinin hər kvadrat kilometrinə 86 nəfər düşür. 2011-ci ildə əhalinin sayı 1.5 min nəfər, yaxud 1.3 % artaraq 115.6 min nəfər olmuşdur. 2011-ci ildə Füzuli rayonunda istehsal edilmiş 88.1 milyon manatlıq məhsulun və xidmətlərin 50 faizini kənd təsərrüfatı sahələri, 25 faizini sənaye sahələri 25 faizi xidmət sahəsinin payına düşür. Kənd təsərrüfatı. Füzuli rayonunun iqtisadiyyatında taxılçılıq, heyvandarlıq, bostan və tərəvəz aparıcı rol oynayır. Bununla yanaşı, rayonun təsərrüfatlarında pambıqçılıq, şəkər çuğunduru, üzüm və meyvə istehsal edilir. Rayonun istifadəsində olan kənd təsərrüfatına yararlı torpaq sahəsi onun ümumi ərazisinin 70%-ni təşkil edir. 16 təsərrüfatda islahatı aparılmışdır, 5437 ailəyə 8804 ha torpaq sahəsi paylanmışdır. Orta hesabla bir ailəyə 0.40 ha torpaq sahəsi düşür. Füzuli rayonu 2011-ci ildə bütün növ kənd təsərrüfatı məhsulları istehsalında əvvəlki illə müqayisədə dinamik artıma nail olmuşdur. 2011-ci il yanvar-dekabr ayları ərzində taxıl istehsalı 65730 ton, arpa istehsalı 1221 ton, pambıq istehsalı 638 ton, şəkər çuğunduru istehsalı 30516 ton, kartof istehsalı 1608 ton, üzüm istehsalı 175 ton, meyvə istehsalı 1010 ton, tərəvəz istehsalı 5750 ton, bostan məhsulları istehsalı 4652 ton təşkil etmişdir. 2011-ci ildə diri çəkidə 2027 ton ət, 9611 ton süd, 5911 min ədəd yumurta və 151 ton yun istehsal olunmuşdur. 2010-cu illə müqayisədə ət istehsalı 114 faiz, süd istehsalı 124.8 faiz, yumurta istehsalı 129 faiz, yun istehsalı 102.7 faiz artmışdır. Füzuli rayon təsərrüfatlarında 2012-ci il yanvar ayının 1-i vəziyyətinə 30831 baş iri buynuzlu mal-qara, o cümlədən 14823 baş inək camış, 109189 baş qoyun və keçi mövcud olmuşdur. Ötən illə müqayisədə iri buynuzlu mal-qara sayı 1.8-faiz, onlardan inək və camışların sayı 0.1 faiz, qoyun və keçilərin sayı 0.7 faiz artmışdır. Sənaye. Füzuli rayonunun sənayesi əsasən tikiş, qida məhsullarının istehsalı, elektrik enerjisi, qaz və suyun bölüşdürülməsi ilə xarakterizə olunur. 2011-ci ildə rayon sənayesinin ümumi məhsulunda qeyri dövlət müəssisələrinin xüsusi çəkisi 0.3 faiz təşkil etmişdir. 2011-ci il ərzində sənaye müəssisələri istehlakçılarına 2.4 milyon manatlıq xidmət göstərmişdir. 2012-ci il yanvar ayının 1-i vəziyyətinə sənaye müəssisələrində çalışan muzdlu işçilərin sayı 339 nəfər təşkil edir, işləyənlərin orta aylıq nominal əmək haqqı 142 manat olmuş və əvvəlki illə müqayisədə 13.2 faiz artmışdır. 2012-ci ilin əvvəlinə rayonda 7 sənaye müəssisəsi fəaliyyət göstərmişdir. 2011-ci ildə sənaye müəssisələri tərəfindən faktiki qiymətlərlə 2.4 milyon manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Tikinti. 2011-ci ildə müəssisə və təşkilatlar tərəfindən Füzuli rayonunun iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala bütün maliyyə mənbələrindən 13,5 milyon manat investisiya yönləndirilmişdir. İnvestisiyanın 2,1 milyon manatı istehsal təyinatlı, 11,4 milyon manatı isə qeyri-istehsal təyinatlı obyektlərin inşasına istifadə olunmuşdur. Tikinti-quraşdırma işlərində istifadə edilmiş investisiyanın həcmi, ümumi investisiyanın 85 faizini təşkil edərək 11,4 milyon manat olmuşdur. Əsas kapitala yönəldilmiş investisiyanın 9,4 milyon manatı dövlət mülkiyyətində olan müəssisələrin, 2,0 milyon manatı isə qeyri-dövlət mülkiyyətində olan müəssisələrin payına düşür. - Füzuli rayonunda 5 min ton tutumu olan 3200.0 min manat dəyərində soyuducu anbarın tikintisinin 95%-i yerinə yetirilmişdir. - Füzuli rayon ərazisində, əsasən də Horadiz şəhərində abadlıq və yenidənqurma işləri görülmüşdür, belə ki, əsas küçələrin asfalt örtüyü tam dəyişilmiş, köməkçi küçələr qum-çınqıl ilə bərpa edilmiş, küçələrin işıqlandırma sistemi yenilənmiş, səkilər bərpa edilmiş, 80 mindən artıq müxtəlif növ ağac və gül kolları əkilmişdir. Ulu öndər Heydər Əliyev adına mərkəzdə son tamamlma işləri gedir. 25.2 meqavatlı SES- ın tikintisi davam edir. 26.0 min m³-lik torpaq işləri,6.0 m³-lik torpaq əks doldurma işləri, 12.0 min m³-lik beton işləri görülmüşdür. İnzibati binanın tikintisi tamamlanmışdır. 30 ədəd 176 ton ağırlığı olan suötürücü basqılı borular quraşdırılmışdır. İnzibati binanın tikintisi başa çatdırılıb, qidalandırıcı elektrik xətləri çəkilib başa çatdırılıb, daxili işıqlandırma işləri yekunlaşmışdır. - Kərimbəyli kəndində tikilən 2 milyon manat dəyəri olan Qarabağ ailəvi istirahət mərkəzinin tikinti işləri başa çatmaq üzrədir - Milli Təhlükəsizlik Nazirliyinin yerli şöbəsi üçün 500 min manatlıq inzibati binanın tikintisinə başlanmışdır və hal-hazırda 425 min manat dəyərində tikinti işləri görülmüşdür. Bu da ümumilikdə tikinti işlərinin 85 %-ni təşkil edir. - Horadiz Mədəniyyət evinin yenidən bərpası ilə bağlı başlanmış tikinti işləri yekunlaşmaq üzrədir. 2011-ci ildən rayonumuz üçün, görülən işlər arasında ən mühüm yer tutan Əhmədbəyli, Alxanlı, Zobucuq, Bala Bəhmənli, Səngər, Dilağarda və Zərgər yolunun yenidən bərpa olunmasıdır. Bu yolun yenidən qurulması üçün Prezidentin ehtiyat fondundan 7 milyon manat pul vəsaiti ayrılmışdır. Horadiz şəhərində yeni tikililər arasında Müdafiə Nazirliyinin zabit heyəti üçün yeni yaşayış binasının tikintisi yekunlaşmışdır. Füzuli rayon Kərimbəyli kəndində 140 min manatlıq dəyəri olan 50 yerlik məktəbəqədər təhsil müəssisəsinin tikintisi başa çatmışdır. Füzuli rayon Gecəgözlü yatağında 80 yerlik tam orta məktəb binasının tikintisinə başlanmışdır. 390 min manat dəyəri olan məktəb binasının tikintisi başa çatmaq üzrədir. Azərbaycan Respublikasının Prezidenti gənclərə göstərdiyi diqqət və qayğı, rayonumuzda da hiss olunur. Odur ki, gənclərin arzu və istəkləri nəzərə alınaraq, Heydər Əliyev fondunun hesabına Füzuli rayonunda 350.0 min manat dəyərində Gənclər Mərkəzinin tikintisinə başlanmışdır. Tikinti işləri yekunlaşmaq üzrədir. Rayonumuzda kənd təsərrüfatının inkişaf etdirilməsi üçün mühüm işlər görülür. Buna misal olaraq, yeni tikilən 1 milyon 057 min manatlıq Horadiz Aqrolizinq inzibati binasının və qarajlarının tikintisi başa çatdırılmışdır. Horadiz şəhərində Heydər Əliyev fondunun vəsaiti hesabına 550.0 min manat dəyərində 180 yerlik məktəb binasının tikintisinə başlanmışdır. Tikinti işlərinin 60 %-i və yaxud 330.0 min manat dəyərində iş yerinə yetirilmişdir. 2011-ci ildə Füzuli rayon Horadiz şəhərində Qaz idarəsinin inzibati binasının tikintisinə başlanmışdır. Tikinti işləri başa çatmaq üzrədir. 2011-ci ildə Füzuli rayon Qarabağ kəndində Broyler binasının tikintisinə başlanmışdır. Görülmüş tikinti işləri ümumi smetanın 11 %-ni yəni, 800.0 min manatını təşkil edir. İstehlak bazarı 2011-ci ildə Füzuli rayonunda 35 kiçik ticarət müəssisəsi, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıqla məşğul olan 160 fiziki şəxs ticarət fəaliyyəti göstərmişdir. Füzuli rayon üzrə pərakəndə əmtəə dövriyyəsinin (iaşənin dövriyyəsi daxil edilməklə) həcmi 12596.9 min manat olmuş və 2010-cu illə müqayisədə 12 faiz artmışdır. Pərakəndə əmtəə dövriyyəsinin 35 faizi hüquqi şəxslərin, 65 faizi isə bazarlarda və çadırlarda fəaliyyət göstərən fiziki şəxslərin payına düşür. 2011-ci ildə əhaliyə 5714.4 min manatlıq və ya 2010-cu illə müqayisədə 14 faiz çox müxtəlif növ pullu xidmətlər göstərilmişdir. Hüquqi şəxslər üzrə əhaliyə göstərilən pullu xidmətlərin həcmi 1.9 mln manat olmuşdur. Orta hesabla rayonun hər bir sakini tərəfindən ticarət şəbəkəsindən 220 manatlıq və ya 2010-cu illə müqayisədə 30 faiz çox istehlak malları alınmışdır. Füzuli rayon statistika idarəsi işçiləri tərəfindən aparılan müşahidələr nəticəsində məlum olmuşdur ki, 2011 - ci il ərzində əhaliyə 45 adda yeni istehlak mallarının satışı və 3 yeni xidmət növü fəaliyyət göstərmişdir. Təhlil zamanı məlum olmuşdur ki, göstərilmiş yeni fəaliyyət növləri yeni ticarət və xidmət obyektlərinin istifadəyə verilməsi nəticəsində olmuşdur. Əmək bazarı. Füzuli rayonunun iqtisadiyyatında məşğul olanların sayı 2010-cu ildə 73254 nəfər, 2011-ci ilin yanvar-dekabr aylarında isə 73610 nəfər təşkil etmişdir. Rayonun müəssisə, idarə və təşkilatlarında çalışan muzdlu işçilərin siyahı sayı 2010-cu ildə 15287 nəfər və 2011-ci ilin yanvar-dekabr aylarında 15378 nəfər olmuşdur. Məşğulluq xidməti orqanları tərəfindən rayon üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 2012-ci il yanvar ayının 1-i vəziyyətinə 766 nəfər təşkil etmişdir. İşsizlik müavinəti alanların sayı 2012-ci ilin yanvar ayının 1-i vəziyyətinə 26 nəfər olmuşdur. Əhalinin həyat səviyyəsinin yüksəlməsini səciyyələndirən orta aylıq nominal əmək haqqı 2010-cu ildə 196,9 manat və 2011-ci ilin yanvar-dekabr aylarında 210,4 manat təşkil etmişdir. Son illər ərzində rayon üzrə yüksək orta aylıq nominal əmək haqqı iqtisadiyyatın təhsil, elektrik enerjisi, qaz və ya suyun istehsalı və bölüşdürülməsi, maliyyə fəaliyyəti, tikinti, dövlət idarəeetməsi və müdafiə sahələrində müşahidə olunmuşdur. Yeni iş yerlərinin açılması. Füzuli rayonunda 2011-ci ildə 1575 yeni iş yeri açılmış, onların 490 daimi iş yeri olmuşdur. İl ərzində rayonda açılmış daimi iş yerlərinin 32,3 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 67,7 faizi isə fərdi sahibkarlar tərəfindən yaradılmışdır. 2011-ci ildə rayon üzrə açılmış 1575 yeni iş yerinin 490 daimi iş yerləri, 75 digər tədbirlərin keçirilməsi məqsədilə idarə və müəssisələrdə, 1010 isə mövsümü iş yerləri olmuşdur. Pensiya təminatı. 2012-ci ilin əvvəlinə Dövlət Sosial Müdafiə Fondunun Füzuli rayon şöbəsində 10516 nəfər pensiyaçı qeydiyyatda olmuş və ötən ilin müvafiq dövrü ilə müqayisədə təyin olunmuş aylıq pensiyaların orta mbləği 30 faiz artaraq 130.8 manat təşkil etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına əsasən 2011-ci il ərzində rayonda 4088 nəfər sosial müavinət, Azərbaycan Respublikası qarşısında xüsusi xidmətlər göstərmiş 243 nəfər isə təqaüd almışdır. 1059 az təminatlı ailənin 4766 üzvü ünvanlı dövlət sosial yardımı almış, bu yardımın bir nəfərə düşən orta aylıq məbləği 100 manat olmuşdur. Coğrafiya Səthi çox yerdə Araz çayına tərəf alçalan maili düzənlik, qərbdə alçaq dağlıqdır. Rayon ərazisindən axan Quruçay, Köndələnçay, Qozluçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır. Əsasən, Neogen çöküntüləri yayılmışdır. İqlimi şərq hissədə yayı quraq keçən mülayim-isti yarımsəhra və quru çöl, qərb hissədə yayı quraq keçən mülayim istidir. Orta temperatur yanvarda 0,1oS, iyulda 24-25 oS-dir. İllik yağıntı 400-600 mm. Çayları (Köndələnçay, Quruçay, Qozluçay) r-nun İranla sərhədindən axan Araz hövzəsinə aiddir. Məhsuldarlıq baxımından kənd təsərrüfatına yararlı boz və çəmən-boz, şabalıdı və açıq-şabalıdı, dağ-şabalıdı, dağ boz-qəhvəyi və s. torpaqlar yayılmışdır. Bitkisi, əsasən, yarımsəhra tiplidir. Heyvanları: oxlu kirpi, qumsiçanı, tarla siçanı, quşlardan turac, qırqovul, göyərçin və s. vardır. Teatr Füzuli bölgəsində teatr 1913-1914-cü illərdə yaranmışdır. 1989-cu il avqust ayının 04-dən Füzuli Dövlət Dram Teatrı kimi fəaliyyət göstərir. M.F.Axundzadənin “Hacı Qara”, İ.Əfəndiyev “Unuda bilmirəm”, C.Məmmədquluzadənin “ Danabaş kəndinin əhvalatı”, S.S.Axundovun “Eşq və İntiqam”, C.Cabbarlının “Aydın”, “Almaz” teatrın uğurlu tamaşalarındandır. Rayon ərazisində hərbi əməliyatlar getdiyi vaxt teatr dəfələrlə cəbhə bölgələrində çıxışlar etmişdir. Rayon ərazisi erməni silahlı dəstələri tərədindən işğal olunandan 2003-ci ilə qədər Füzuli teatrı Sumqayıt şəhərində fəaliyyət göstərmişdir. 2003-cü ilin noyabr ayından teatr yenidən Füzuli rayonu ərazisində fəaliyyət göstərir. Hazırda Füzuli teatrı Horadiz şəhər mədəniyyət evində fəaliyyət göstərir. Füzuli rayon icra hakimiyyətinin başçısı A.Alıyevin sərəncamı ilə əsaslı təmirdən çıxmış Horadiz şəhər mədəniyyət sarayında teatrın tam fəaliyyəti üçün hər bir şərait vardır. Teatrın səhnəsində H.Mirələmovun “Vicdanın hökmü”, Ə.Əmirlinin “Onun iki qabırğası”, N.B.Vəzirovun “ Hacı Qənbər”, S.S.Axundovun “Şahsənəm və Gülpəri”, “Tamahkar”, A.Səfərlinin “Qarabağım qan ağlar”, S.Dağlının “Oyun bitdi”,İ.Əfəndiyevin “Unuda bilmirəm” və s. tamaşalar hazırlanıb.Teatr Füzuli rayonun mədəni- ictimai həyatında fəal iştirak edir. Rayon tədbirlərində, yeni tikilmiş qəsəbələrdə, işğaldan azad olunmuş kəndlərdə teatrın yadda qalan tamaşa və çıxışları olur. Füzuli dövlət dram teatrı milli teatr festivallarında iştirak etmiş və diplomlara layiq görülmüşdür. Təhsil Füzuli rayonunda ümumtəhsil məktəblərinin sayı 81, o cümlədən 1 ibtidai , 5 ümumi orta ,74 tam orta,ümumi saydan Gimnaziya 1.Şagirdlərin sayı 12163 nəfər . 2002-2008 ci illər ərzində 18 yeni məktəb binası tikilib istifadəyə verilmişdir.Bunlardan 8 məktəb binası Qayıdış qəsəbələrində ; 2 saylı Qayidış qəsəbəsində 120 şagird yerlik ,1,3,4,5 saylı Qayıdış qəsəbələrində 135 şagird yerlik 6,7,8 saylı Qayıdış qəsəbələrində 198 şagird yerlik ,Aşağı Alxanlı kəndində 132 şagird yerlik,Araz Dilağarda kəndində 120 şagird yerlik,Qarabulaq kəndində 180 şagird yerlik ,Aşağı Alxanlı kəndində ( Kolluda ) 80 şagird yerlik,Sumqayıt şəhərində 90 şagird yerlik və Zobucuq qəsəbələrinin hər birində 288 şagird yerlik 5 məktəb binası tikilib istifadəyə verilmişdir. 2012-ci il ərzində 4 saylı Qayıdış qəsəbəsində 135 şagird yerlik , Gecəgözlü kəndində 80 şagird yerlik tam orta məktəb əsaslı bərpa olunaraq, Ücbulaq kəndində 80 şagird yerlik və Horadiz şəhərində Heydər Əliyev fondunun hesabına 240 şagird yerlik tam orta məktəb tikilərək istifadəyə verilmişdir. 2011 – 2012- ci tədris ilində XI sinfi bitirmiş şagirdlərdən 401 nəfər ali məktəblərə sənəd vermiş, onlardan 204 nəfəri tələbə adını qazanmışdır. Ümumi təhsil bazasından 297 nəfər TQDK-ya sənəd vermiş,bunlardan 112 nəfəri ölkənin müxtəlif orta ixtisas məktəblərinə daxil olmuşdur. 2012-ci ildə məzunlarımızın 316 nəfəri ali və orta ixtisas məktəblərinə daxil olaraq tələbə adını qazanmışdır.Ali məktəblərə daxil olmuş məzunlardan 3 nəfəri 600 baldan yuxarı,12 nəfəri 500 baldan yuxarı,30 nəfəri 400-500 bal arası ,77 nəfəri 300-400 bal arası ,82 nəfəri isə 300 bala qədər toplamışdır Hacı Ələkbər məscidi Füzuli şəhərindəki Hacı Ələkbər məscidi memar Kərbalayı Səfixanın ilkin işlərindəndir. Məscidin giriş qapısı üzərindəki daş kitabədə “Memar Kərbalayı Səfixan Qarabağinin işidir” – sözləri yazılmışdır. Kitabədə məscidin tikilmə tarixi də – hicri tarixi ilə 1307-ci il göstərilir. Bu tarixi miladi təqviminə çevirəndə 1889-1890-cı illərə uyğun gəlir. Bu dini ocaq Hacı Ələkbər məscidi adlandırılmışdır. Hacı Ələkbər xeyriyyəçi olub. O, bu məscidin inşası üçün vəsait ayırıb və Şuşadan ustalar dəvət edib. Xeyirxah işlərinə hörmət və ehtiram əlaməti olaraq yerli camaat Hacı Ələkbər bəyi öz tikdirdiyi məscidin ibadət zalının sol pəncərələrindən birincisinin qənşərində dəfn etmişdir. 1993-cü ilin avqustunda Füzuli şəhərinin Ermənistan tərəfindən işğalı zamanı Hacı Ələkbər məscidi yararsız hala düşmüşdür. Qarğabazar karvansarası Karvansara 1681-ci ildə Füzuli rayonundakı Qarğabazar kəndinin mərkəzində, çox da hündür olmayan bir təpənin döşündə inşa olunmuşdur. Karvansara tikilisinin eni 23,7 metr, uzunluğu isə 34,7 metrdir. Qarğabazar kəndində tikildiyi üçün o, Qarğabazar karvansarası adı ilə tanınır. Bu tarixi abidəyə bəzən Şah Abbas karvansarası da deyirlər. Onun memarı məlum deyil. Memarlıq üslubuna görə Qarğabazar karvansarası Alban dövrü memarlıq ənənələrinin oxşarıdır. Girişin sağ və sol tərəflərində gözətçi otaqları qarşısında iki böyük sal daş vardır. Görünür, gözətçilər həmin daşların üstündə dayanıb, karvansaraya daxil olan karvanların yüklərinə baxırmışlar. Karvansara ölkənin daşınmaz tarixi abidələrindən hesab edilir. Qarğabazar kəndinin işğalından sonra ermənilər bu tarixi-memarlıq abidəsini mal tövləsinə çevirmişlər. Qarğabazar kəndində məscid Qarabağın zaman etibarı ilə qədim məscidlərindən biri də Füzuli rayonunun Qarğabazar kəndində yerləşir. El arasında Şah Abbas məscidi kimi tanınan bu məscid elmi ədəbiyyatlarda Hacı Qiyasəddin məscidi kimi öz əksini tapıb. Çünki məscidin qapı çatı üzərindəki kitabədə yazılıb: “Bu məscidi Böyük Allahın mərhəmətli bəndəsi Hacı Qiyasəddin tikdirib h. t. 1095”. Bu da miladi tarixi ilə 1683-84-cü ilə uyğundur. Hacı Qiyasəddin məscidi eyvansızdır. Tamamilə yerli daş materiallardan tikilmiş bir zaldan ibarət olmuşdur. Dam örtüyü tağtavan şəklindədir. Giriş qapısı nəzərə alınmasa burada ağac materialından istifadə olunmayıb. Məscid kəndin mərkəzindəki sal qayalı təpənin üstündə inşa edilib. Onunla eyni dövrdə tikilən karvansara isə həmin təpənin cənubunda yerləşir. Karvansara və məscid konstruksiyasının memarlıq təhlili hər iki abidənin eyni memar tərəfindən tikildiyini söyləməyə imkan verir. 1993-cü ildə Füzuli rayonunun işğalı zamanı Hacı Qiyasəddin məscidi də erməni vandalları tərəfindən dağıdılıb. Mir Əli türbəsi Füzuli rayonunun Aşağı Veysəlli kəndində təpə üzərində ucalan qülləvari türbə xalq arasında Mir Əli türbəsi adı ilə tanınır. Türbənin iç quruluşu ikiqatlı olub yeraltı sərdabə və yerüstü kameradan ibarətdir. Üzərində kitabə və ornament olmasa da inşaat texnikası və həcm-məkan quruluşuna görə, onun Elxanilər dövründə XIII əsrin sonu XIV əsrin əvvəllərində tikildiyi şübhə doğurmur. Bağ-park, Monumental və xatirə abidələri M. Füzulinin heykəli 1970-ci il, Füzuli şəhəri Böyük Vətən müharibəsində həlak olmuş həmvətənlərimizin xatirə abidəsi ARXEOLOJİ ABİDƏLƏR Qarabulaq kurqan çölü tunc dövrü, Füzuli şəhərindən şimal-qərbdə Günəştəpə yaşayış yeri e.ə. II-I minilliklər, Köndələnçayın sağ sahilində Qaraköpəktəpə yaşayış yeri e.ə.IV əsr e.-I əsr və orta əsrlər, Köndələnçayın sağ sahilində Zərgərtəpə yaşayış yeri tunc dövrü, Zərgər kəndi Şəkərçik yaşayış yeri tunc dövrü, Şəkərçik kəndi Balalartəpə yaşayış yeri ilk tunc dövrü, Qaraxanbəyli kəndinin cənub-şərqində Uzuntəpə yaşayış yeri ilk tunc dövrü, Quruçay və Köndələnçay arasında Meynətəpə yaşayış yeri ilk tunc dövrü, Quruçay və Köndələnçay arasında Xantəpə yaşayış yeri ilk tunc dövrü, Quruçay və Köndələnçay arasında Dədəli kəhrizi XIX əsr, Dədəli kəndi Hacı Bayram kəhrizi XIX əsr, Qoçəhmədli kəndi Qalpirəhmədli kəhrizi XIX əsr, Qoçəhmədli kəndi Kəhriz XIX əsr, Saracın kəndi
| |
Baxılıb: 321 | Yüklənilib: 0 | |
Şərhlər: 0 | |