"Beynəlxalq İnformasiya" qəzetinin rəsmi internet saytına xoş gəlmişsiniz!
ÇƏRŞƏNBƏ, 05/02/2025, 08:04
ƏSAS SƏHİFƏ | QEYDİYYATDAN KEÇ | DAXİL OL
Beynəlxalq, ictimai-siyasi hüquq qəzeti / ONLAYN

RUBRİKA

Sitatlar

Az. Res-nın Prezidenti

Azərbaycan Respublikası
Elm və Təhsil Nazirliyi

XOCALIYA ƏDALƏT

Azərbaycan Respublikası
Müdafiə Nazirliyi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi

HEYDƏR ƏLİYEV FONDUNUN VİTSE-PREZİDENTİ

Azərbaycan Milli Konservatoriyası

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI

Amerikanın səsi

PREZİDENTİN KİTABXANASI

Dövlət Neft Fondu

MƏDƏNİYYƏTİN VƏ TURİZMİN İNKİŞAFI

.Azerbaijan-news.az İCT NEWS Voice of America UNEC Azadİnform İnformasiya Agentliyi - News and Showbiz

TƏQVİM

«  AVQUST 2017  »
BBeÇaÇCaCŞ
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

AXTARIŞ

SAYTA GİRİŞ

E-poçt:
Parol:

FOND HAQQINDA

–Bİ TV–

Eskiz Layihə Planlama Sxemlərin Hazırlanması

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi

AYB

AZƏRBAYCAN PREZİDENTİ  İLHAM ƏLİYEV

Azərbaycan Respublikası Ali Məhkəməsi

BİRİNCİ VİTSE-PREZİDENTİ

Qadin

BEYNƏLXALQ İNFORMASİYA QƏZETİ

Baku, Azerbaijan
TRT Azerbaijan

DÖVLƏT XİDMƏTLƏRİNİN ELEKTRON REYESTRİ

Eurasia Diary Baku Ws

NƏQLİYYAT, RABİTƏ VƏ YÜKSƏK TEXNOLOGİYALAR NAZİRLİYİ

Report İnformasiya Agentliyi

AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi Anayam

XARİCİ XƏBƏRLƏR

Pakistan All News

Yazıçılar və şairlər

ƏSAS SƏHİFƏ » 2017 » AVQUST » 2 » Tahirzadə Ələkbər Zeynalabdin oğlu
07:55
Tahirzadə Ələkbər Zeynalabdin oğlu

YAZIÇILAR VƏ SAİRLƏR

     Tahirzadə Ələkbər Zeynalabdin oğlu – Azərbaycanlı şair.

     Həyatı

     Mirzə Ələkbər Sabir 1862-ci il mayın 30-da Şamaxıda anadan olmuşdur. Atası kiçik baqqal dükanı olan dindar bir kişi idi və Ələkbəri gələcəkdə din xadimi kimi görmək istəyirdi. Buna görə də oğlu səkkiz yaşına çatanda onu mollaxanaya qoymuşdu.

    Sabir 12 yaşına qədər mədrəsədə oxumuş, sonra məşhur şair Seyid Əzimin açdığı yeni üsullu məktəbə keçmişdi. Müəllimi Ələkbərə fars dilindən şeirlər tərcümə etdirir, sonra bu tərcümələri oxuyub ona məsləhətlər verir, məktəbli şairin yaradıcılıq həvəsini artırırdı.

    Seyid Əzim öz şagirdinin tərcümələri ilə bərabər, orijinal şeirlərini də oxuyub redaktə edirmiş. Lakin bir-iki il sonra atası Ələkbəri təhsildən ayırıb öz dükanında köməkçi işlədir. Ancaq elmə və ədəbiyyata həvəsi sönməyən gənc yenə oxuyub yazmağında davam edir. Dostu Abbas Səhhətin yazdığına görə, Sabir alış-verişdən ziyadə oxuyub-yazmağa həvəs göstərdiyi üçün atası hirslənib tez-tez onu məzəmmət edirmiş: hətta bir dəfə şeir dəftərini də cırıbmış.

      Atasının bu hərəkəti gənc Sabirə ağır təsir etsə də, onu mütaliədən və şeir yazmaqdan çəkindirə bilmir. Əksinə, bu münasibətlə yazdığı bir qitəsində o, şeir dəftərinin atası tərəfindən cırılmasına cavab olaraq şairlikdən əl çəkməyəcəyini, atası onu bir də incidərsə, Şamaxıdan çıxıb gedəcəyini qeyd edir.

     Sabir 1885-ci idə ziyarətə çıxıb, Orta Asiyaya, oradan da İrana gedir. O, Səbzivar, Nişapur, Səmərqənd, Buxara, Məşhəd və başqa Xorasan şəhərlərini gəzir. Bu şəhərlərdə tərəqqipərvər alim və yazıçılarla görüşüb tanış olur.

     İlk səfərindən qayıdandan sonra 1887-ci ildə o, qohumlarından olan Büllurnisə adlı qızla evlənir. On beş il ərzində onun 8 qızı, bir oğlu dünyaya gəlmişdir. Bir müddət sabun bişirib satıb. Bədii yaradıcılıqla da məşğul olurdu.

       1902-ci ildə baş vermiş dəhşətli zəlzələ Şamaxını tar-mar etmişdi. Yanğın nəticəsində şəhərdə yüzlərcə imarət yanıb külə dönmüş, əhalinin çox qismi evsiz-eşiksiz, quru yerdə qalmışdı. Bu zaman Sabirin evi də dağılmışdı.

      Sabir Bakı quberniyası Sünni məclisinin sədri, Bakı Quberniyasının Müsəlman Məclisinin sədri, eyni zamanda Cümə məscidinin Baş İmamı olmuş Hacı Məcid Əfəndi Əfəndizadə ilə dostluq münasibətində idi. Sabirin Hacı Məcid Əfəndinin ölümünə iki şeir yazması bu münasibətdən irəli gəlirdi.

      Xatirələrdə deyilir ki, çox fədakar, qayğıkeş, mehriban ailə başçısı olan Sabir uşaqlarının yalnız maddi ehtiyacını deyil, mənəvi rahatlıq və tərəqqisini də təmin etməyə çalışmışdır. O, arvadını və qızını savadlı görmək istəyir, onlara əlifba öyrədirmiş. Şairin qızı Səriyyə sonralar yazırdı ki, həyatının olduqca ağır, sıxıntılı keçməsinə baxmayaraq, atam xoş üzlü, zarafatçıl, səmimi idi.

     XIX əsrin sonu, XX əsrin ilk illərində ağır ailə qayğısı çəkən Sabir şerdən bir qədər uzaqlaşsa da, tamam ayrılmamışdı. 1901-ci ildə Şamaxıya qayıdan Abbas Səhhətinbu zaman onu mənəvi cəhətdən böyük köməyi dəymişdi. Onlar boş vaxtlarında Şamaxının o zamankı ziyalılarından Ağəli Bəy Nasəh və Məhəmməd Tərrahla kiçik bir ədəbi məclis düzəldib, axşamlar klassik şairlərin və ya özlərinin şeirlərini oxuyub təhlil və müzakirə edirdilər.

    XX əsrin əvvəllərindən başlayaraq Sabirin şeirləri mətbuat səhifələrində görünür. 1903-cü ildə "Şərqi-Rus" qəzetində onun şeiri çap olunur. Bir qədər sonra isə o, "Həyat" qəzetində şeir çap etdirir. 1906-cı ildə "Molla Nəsrəddin" jurnalının ən fəal müəlliflərindən biri oldu.

       Bu zamandan Cəlil Məmmədquluzadə ilə Sabir arasında dostluq münasibətləri yarandı. 1907-ci ilin əvvəllərində Sabir sabun bişirib satmaqdan əl çəkib, mətbuat və maarif sahəsində çalışmaq, şeir yaradıcılığını daha müntəzəm davam etdirmək qərarına gəlir. O, Bakıya gəlib bir müddət "İrşad" qəzetinin redaksiyasında korrektor işləyir və müəllimlik imtiyazı əldə etmək üçün imtahan verməyə hazırlaşır. Bu arada Qori Müəllimlər Seminariyasında işləyən müəllim dostlarından bir neçə məktub alır. Həmin məktublarda deyirdi ki, yaxın zamanlarda seminariyanın Azərbaycan şöbəsində müəllim yeri boşalacaq. Dostları şairə həmin yeri tutmaq üçün təşəbbüs etməyi məsləhət görür və bu işdə ona kömək edəcəklərini bildirir.

      1908-ci il aprelin 11-də Bakı quberniya ruhani idarəsində imtahan verən şair mayın 7-də Tiflisə gedib, Qafqaz şeyxülislamı idarəsindən ana dili və şəriət müəllimi diplomu alır. Lakin Qoridən aldığı bir məktubdan sonra o, seminariyadan ümidini kəsməli olur. Bir müddət şair Şamaxı məktəblərindən birində köməkçi müəllim işləyir.

      Həmin ilin sentyabr ayında Sabir çoxdan arzuladığı "Ümid" məktəbini açmağa müvəffəq olur. Bu məktəbdə 60-a qədər şagird oxuyurdu. Yeni üsülda olan başqa məktəblərdəki kimi burada da şagirdlər skamyada oturur, əyani vəsaitlərdən istifadə edir, ekskursiyaya çıxırdılar. Məktəbdə ana dili, fars dili, hesab, coğrafiya və təbiətə dair məlumat verilir, Quran və şəriət dərsləri tədris edilirdi.

     1910-cu ilin əvvəllərində Sabir Bakıya işləməyə gəlir. Əvvəlcə "Zənbur" jurnalının redaksiyasında çalışır. Az sonra Balaxanıdakı "Nicat" məktəbində dərs deməyə başlayır. Müəllimliyi ilə bərabər, şair Balaxanı neft mədənlərində işləyən fəhlələrə, yerli inqilabçılara yaxınlaşaraq, onların açdıqları "Nur" kitabxanasının fəal üzvü olur. O ilin yazından Sabir Bakıda çıxan "Günəş" və "Həqiqət" qəzetlərinin redaksiyasında işləyir. "Günəş" qəzeti hər həftənin cümə günü "Palanduz" sərlövhəsi ilə gülüş səhifəsi buraxırdı. Sabir bu səhifədə "Nizədar" və "Çuvalduz" imzaları ilə müntəzəm surətdə ifşaçı əsərlər çap etdirir. Şair eyni zamanda "Molla Nəsrəddin"ə də yazmaqda davam edir.

     1910-cu ilin axırlarında ciyər xəstəliyinə tutulub, Şamaxıya qayıdır. 1911-ci ilin may ayında o, müalicə üçün Tiflisə gedib, dostu C. Məmmədquluzadənin evində yatır. "Molla Nəsrəddin"in əməkdaşları şairə böyük qayğıkeşlik göstərirlər. Xəstəliyinin getdikcə şiddətləndiyinə baxmayaraq, Sabir yenə şeir yazmağa davam edir, yeni-yeni taziyanələr üzərində işləyir, "Molla Nəsrəddin" jurnalının redaksiya işlərinə yaxından kömək edir.

    İyun ayında həkimlər şairə cərrahiyə əməliyyatı aparmağı təklif edirlər. Lakin xəstə buna razı olmur. O, Şamaxıya qayıdır.

     "Molla Nəsrəddin" jurnalı 1911-ci il 14-cü sayında xəstə şairə maddi yardım etməyə çağıran bir elan dərc edir. Bu elandan sonra Rusiyanın və Şərqin bir çox şəhərlərindən onlarla oxucu böyük xalq şairinə məhəbbət və hörmət əlaməti olaraq "Molla Nəsrəddin"in ünvanına ianə göndərirlər.

      Xəstəliyinin çox şiddətləndiyini və ona başqa bir əlac olmayacağını görən şair cərrahiyə əməlliyatına razı olub, iyulun 8-də Bakıya gəlir. Lakin artıq həkimlər cərrahiyənin də heç bir fayda verməyəcəyini söyləyərək, ona tez Şamaxıya qayıtmağı məsləhət görürlər. Jurnalist H.Qasımov xəstə şairlə Bakıda son görüşünü xatırlayaraq yazır: "...Qəzetdə yazarsan, Sabir deyirdi ki, mən vücüdumda olan ətimi xalqımın yolunda çürütdüm. Əgər ömür vəfa etsəydi, sümüklərimi də xalqımın yolunda qoyardım".

      1911-ci il iyulun 12-də Sabir vəfat edir. Şairin cənazəsi Şamaxıda "Yeddi günbəz qəbiristanı"nda dəfn olunur.

     Sabirin xatirəsinə hörmət əlaməti olaraq vəfatından bir il sonra, 1912-ci ildə arvadı Büllurnisə xanım, dostları Abbas Səhhət və M.Mahmudbəyovun səyi ilə onun şerləri "Hophopnamə" adı ilə çap olundu. Oxucular kitabı hərarətlə qarşıladılar. İki il sonra xalqın ianəsilə "Hophopnamə"nin ikinci, daha mükəmməl nəşri buraxıldı.

      Yaradıcılığı

    Lirik şe`rləri. Sabir bədii yaradıcılığa kiçik yaşlarında, Seyid Əzim Şirvaninin məktəbində oxuduğu zaman başlamış, ilk şe`rlərini Şərqin Firdövsi, Sə`di, Füzuli kimi böyük klassiklərinin tə`siri ilə yazmışdır. Bu əsərlər lirik üslubda və əsasən qəzəl janrındadır. Başqa Azərbaycan sənətkarları kimi, Sabirin də qəzəllərinin ana xətti, leytmotivi məhəbbət duyğularının təsvir və tərənnümüdür. Sabirin lirik qəhrəmanı Aşiqdir. O, sevgilisi haqqında orta əsr poeziyasından tanıdığımız aşiqlərin dili ilə danışaraq öz dərdlərini, həsrətini nağıl edir, ayrılıqdan, hicrandan, sevgilinin rəqibə uymasından şikayətlənir.

     Bu qəzəllərin məzmunu kimi, bədii təsvir və ifadə vasitələri də orta əsr şe`rində çox işlənən, hətta bir qismi sabitləşmiş söz və ifadələrdən ibarət idi. Aşiq çox vaxt özünü Məcnunla, sevgilisini isə Leyli ilə müqasiyə edirdi. Pərvanə, şəm kimi obrazlardan, Adəm, Zöhhak, Əhrimən, Kə`bə, Babil kimi dini, əfsanəvi, coğrafi adlardan tez-tez istifadə olunurdu.

     Şairin yetkin vaxtında, XIX əsrin axırı, XX əsrin əvvəlində yazdığı lirik şe`rlərinin bir qismi ictimai mövzudadır. Məhəbbət və gözəllik dünyasında yaşayan Aşiqdən fərqli olaraq, buradakı lirik qəhrəman mübarizə meydanında çarpışan müdrik və atəşin bir vətəndaşdır. Onun arzusu “dilbəri-hürriyyətə” çatmaqdır. Mövcud cəmiyyətin ziddiyyətlərini dərindən başa düşən bu qəhrəman üçün həyat zindandır:

      Mən belə əsrarı qana bilmirəm,
      Qanmaz olub da dayana bilmirəm.
      Neyləməli, göz görür, ağlım kəsir,
      Mən günəşi göydə dana bilmirəm.
      Derlər usan, hərzəvü hədyan demə,
      Güc gətirir dərd, usana bilmirəm!

      Şairə görə insanları dərdə salan dünyada insan ya avam olmalı, şüursuz, idraksız, duyğusuz bir ömür keçirməli, ya da mübarizə aparmalı, həqiqi həyata çatmalıdır. Sabirin lirik qəhrəmanı min bir əzab və əziyyətə düşsə də, şüurlu, düşüncəli bir həyat, işgüzar, mübariz bir həyat keçirməyi üstün tutur. Şüur, düşüncə, duyğu isə onun nəzərində həyat, zadalıq, xoşbəxtlik uğrunda mübarizə üçün əsas amillərdəndir. Sabir “Ruhum” şe`rində özünün azadlıq idealını, ictimai amalını müstəqim tərənnüm yolu ilə verir. O, özünün gələcək xoşbəxtliyini azadlıqda görərək yazır:

      Mən gedərəm, var olsun amalım!
      Yaşasın şəhriyari-hürriyyət!
      Yaşasın şəhriyari-hüriyyət!
      Mən gedərəm, var olsun amalım!

     Bu azadlıq idealı sabir dünyagörüşündəki qüvvətli humanizmlə, insanın yer üzündə azad, fərəhli, yaradıcı bir həyat qurması haqqında arzularla əlaqədar olmuşdur. Şairin bə`zən, hətta azadlıq və insanlıq məfhumlarını açıqcasına eyniləşdirməsi buradan irəli gəlir:

      Kim ki, insanı sevər, aşiqi-hüriyyət olur,
      Bəli, hürriyyət olan yerdə də insanlıq olur.

     Ancaq azadlıq olan yerdə həqiqi insanlıqdan söhbət gedə bilər, ancaq azadlıq olan yerdə insan öz yüksək və şərəfli adına layiq həyat qura bilər, insan şəxsiyyəti qol-qanad açıb, hərtərəfli inkişaf edər. Bu, Sabirin böyük ictimai idealı idi.

     Humanizm, azadlıq, xoşbəxtlik haqqında belə ümumiləşdirici lirika ilə bərabər, Sabirdə zəmanəsinin azadlıqsevən, xoşbəxtlik uğrunda əldə silah vuruşan konkret qəhrəmanlarının təsviri də var.
Bu cür əsərlərdən biri Sabir lirikasının gözəl nümunələrindən olub, 1908-ci ildə “Molla Nəsrəddin” jurnalında çap olunan “Səttarxana” şeiridir.

         Səttarxan kimdir?
     O, Qaradağ mahalından çıxan, gəncliyində bir müddət əsgər olub, sonralar yoxsul kəndlilərin partizan dəstələrinə başçılıq edən məşhur qəhrəmandır. Səttarxan inqilabın ilk günlərindən Təbriz əncüməninin üzvü olmuş, hərəkatda coşqun bir ruhla iştirak etmişdi. 1906-1907-ci illərdə artıq o, Təbriz inqilabçılarının rəhbəri idi.

     İnqilabçılar 1908-ci ildə şah qoşunlarını darmadağın edib, Təbrizdən qovduqdan və xeyli hərbi qənimət ələ keçirdikdən sonra Səttarxanın nüfuzu daha da artdı. Onun igidliyi haqqında el mahnıları, yazıçıların və xalq şairlərinin əsərləri yarandı. Sabirin şe`ri də məhz bu zaman yaranmışdır.

     Sabir şe`ri öz halı, öz hiss və həyəcanları haqqında coşqun sözlərlə başlayır. O, oxucusundan xahiş edir ki, mənim bu həyəcanlarım, mənim coşqunluğum sənə təəccüblü gəlməsin; məni “divanə” bilmə! Mən təbi dəniz kimi dalğalanan bir şairəm. Sevincimin, həyəcanlarımın səbəbi isə azadlığa olan sonsuz məhəbbətimin coşması, zülm və istibdada qarşı çıxmış qəhrəmanların mərdliyinə şahid olmağımdır.

     Şeirdə Tehranda Məclisin qovulmasından sonra Cənubi Azərbaycanda, yeni inqilab mərkəzi Təbrizdə əmələ gəlmiş coşqun ruh yüksəkliyi tərənnüm edilir. Bütün bəndlərin sonunda “Afərinim” himməti-valayi-Səttarxanədir” sözləri bir nəqarat halında təkrar edilərək, şe`rin mərkəzi motivini xüsusi nəzərə çatdırır. Sabir yazır ki, Səttarxan “vətən namusu” yolunda göstərdiyi rəşadətlə təkcə İran şahını və ə`yanlarını yox, bütün dünyanı “mat edən” bir qəhrəmandır.
      Əsər inqilabçıların şərəfinə deyilən alqış nidaları ilə qurtarır:
      <poem>Afərin, təbriziyan, etdiz əcəb əhdə vəfa!
      Dustü düşmən əl çalıb, eylər sizə səd mərhəba!
      Çox yaşa, dövlətli Səttarxan, əfəndim, çox yaşa!
      Cənnəti-ə`ladə peyğəmbər sizə eylər dua.
      Çün bu xidmətlər bütün islamədir, insanədir,
      Afərinim himməti-valayi-Səttarxanədir.

      Sabirin təsvirində Səttarxan inqilabçı qəhrəman timsalı, dərin məhəbbətlə təqdim edilən müsbət surətdir. Şair bu surəti lirika dili ilə, sevinc və hərarətlə təsvir edir, onu özü sevdiyi qədər oxucuya da sevdirməyə çalışır.

      Şe`r əruzun təntənəli bəhrlərindən olan rəməl bəhrində  fail Atün, Fail At ölçüsündə yazılmışdır. Əruz vəzninin tələbinə uyğun olaraq misralarda “Hali-məczubum”, “nə`rəyi-şuridə”, “şe`ri-tər”, “behcət”, “şürur” kimi onlarla ərəb-fars söz və ifadələri işlənmişdir. Ancaq bu ifadələr, şe`rin dilini qismən qəlizləşdirirsə də, ümumi mə`nanın, bədii ideyanın başa düşülməsinə mane olmur. “Səttarxana” şeiri “Molla Nəsrəddin” jurnalı vasitəsilə dərin məhəbbətlə qarşılanıb geniş yayılmış, əldən-ələ, dildən-dilə keçmişdir. Cənubi Azərbaycanda mücahidlər bu şe`ri nəğmə kimi xorla döyüş səngərlərində oxuyurdular. Sonralar şe`r kütləvi xalq mahnısına çevrilmiş və uzun müddət Təbriz, Xoşginab, Zəncan, Qaracadağ mahallarında sevilə-sevilə oxunmuşdur.

      Sabirin dini baxışları

     Mollaxana təhsilindən bir fayda almayan Sabir sonralar İslam dininin əsil həqiqətlərini öyrənərək, heç də bu dinin əvvəllər ona öyrədilən xurafatla əlaqəsi olmadığını gördü. Bu işdə ona müəllimi Seyid Əzim Şirvani də yol göstərənlərdən biri olmuşdur. Sabir İslamı bu dinin tələb etdiyi kimi elm və hikmətlə öyrənməyə və həyatında tətbiq etməyə başladı. SSRİ dövrünün tədqiqatçılarının Sabiri bəzən dini tənqid edən şair kimi təqdim etməsi, şairin öz əsərləri ilə təkzib edilir. O, ömrünün sonuna qədər dindar bir şəxs olub. “Dini don” adı altında insanları aldadanlara qarşı həcvlər yazdığı üçün bolşevik və marksist ideoloqları bu cür şeirlərdən sui-istifadə edərək, onsuz da İslam dini haqqında az məlumatlı olan oxuculara Sabirin din əleyhidarı kimi təqdim olunmasına "əsas vermişdir". Onun hədəf obyektinə tuş gələn dövrünün saxta dindarlarına və onların müasirlərinə baxsaq, xələflərinin də onlardan çox az fərqləndiklərinin şahidi olarıq. Sabir, “Molla Nəsrəddinin 10-cu nömrəsində "Qızdırmalı" imzası ilə yazılan şeirlərə cavab – şeirində belə yazır:

      Madam ki, hamiyani zülmət,
      Xoşlar ki, davam edə cəhalət:
      Heyhat bilirmi onda millət;
      Tövhid nədir və ya nübüvvət?!

       Bu misralarda Sabir göstərir ki, millətin İslam dininin iki əsası olan tovhidin (Allahın Rəbb olaraq, İlah olaraq və isim və sifətlərində təkliyinin) və nübuvvətin (Allahın nəbisi olan Muhəmmədin iman və əxlaq üzrə yolunun - sünnəsinin mahiyyəti) nə demək olduğunu bilməməsi cəhalətin davam etməsini istəyən mövhumatçı və xurafatçıların, həmçinin atesit və materialistlərin əsas məqsədidir.

     O “Məktub şeirində isə, şeirə “Molla dayı” xitabıyla başlayır, sonra şeirin qafiyəsi və birinci beytdən sonra “əmu”nun dilindən deyir:

      Çox da sənin tək deyiləm naxələf,
      Ta olam aqi-pədərani-sələf!
      Elmlə övladımı etməm tələf,
      Min də desən söz belə söhbət belə!

      Bu misralarda isə Sabir saleh sələflərin - peyğəmbər və səhabələrinin yolu ilə gedib İslama xurafat kimi deyil, elm, hikmət və əxlaq qaynağı kimi baxanların yolu ilə getməyin xurafatçı mollaların xoşuna gəlmədiyini izhar edir.

      Sabir “Analar bəzəyi” şeirində:

      "Elmə çağırır bütün əvamı,
      Əl-elmü fəridatun kəlamı”

      deyir. Bu misralardakı "Əl-elmü fəridatun" ("Elm vacibdir") ifadəsinin mötəbər Şəriət alimlərinin Quran və səhih hədislər əsasında verdikləri “Taləbul elm faridatun alə kulli muslimin” (Elm tələb etmək bütün müsəlmanlara vacibdir) fətvalarından götürüldüyü şübhə doğurmur. Bununla o, elmi tələb etməyin vacibliyini yuxuda huri axtaran qafil dindarlara və avam insanlara (avamunnəs) bildirir.

     Sabir, dövrünün müsəlmanlarını kafir adlandıran yalançı “din xadimləri”nə yazdığı bir şeirdə “onların dili ilə danışıb” deyir:

      Bir bölük boşboğazıq, heyvərəlik adətimiz,
      Doludur lənət ilə, qeybət ilə söhbətimiz,
      Oxumaqdan payımız yox, yazıdan qismətimiz,
      Bu avamlıqla belə hər sözü təfsir edəriz,
      Yeri gəldikdə müsəlmanları təkfir edəriz.

      Sabir dinə bir çox yönümdən yanaşaraq, ibadəti İslamın tələb etdiyi kimi deyil, uydurulmuş bidətlərlə yaşayan firqələrə, xüsusən sufilərə qarşı da yazdığı satiralarla diqqət çəkir:

      “Hu” çəkib axır gəzəsən kubəku,
      Tərk edəsən zöhd müsəllasını.
      Küfrdə təqlid edəsən şairə,
      Zikr edəsən şeri-müvəffasını.

      Sabir burada "şairin ərsəyə gətirdiyi şeirləri oxumaqla ayılmaq, zühd namazgahını tərk edərək bidət əməllərdən olan “hu” deyə-deyə küçə-küçə gəzməkdən daha yaxşıdır" deyir.

       Sovet hakimiyyəti illərində Sabirin "Hophopnamə"si böyük tirajla bir neçə dəfə çap olunmuşdur.

      Maarifçilik fəaliyyəti

      Sabir atasının verdiyi əzab-əziyyətdən xilas olmaq üçün 1885-ci ildə ziyarət adı ilə səyahətə çıxıb, Orta Asiyaya, oradan da İrana gedir. O, Səbzivar, Nişapur, Səmərqənd, Buxara, Xorasan və başqa şəhərləri gəzir. Bir tərəfdən yerli feodal və ruhani ağaların taladığı bu yerlərin yoxsulluğu və cəhaləti şairə ağır təsir bağışlayırsa, o biri tərəfdən bu şəhərlərdə tərəqqipərvər alim və yazıçılarla görüşüb tanış olur.

     1911-ci il iyulun 12-də, həyatının və yaradıcılığının ən parlaq bir vaxtında Sabir vəfat edir. Şairin cənazəsi Şamaxıda "Yeddi günbəz qəbiristanı"nda dəfn olunur.

      Mövcud vəziyyətdən çıxış yolu kimi Sabirin satiralarında məktəbə, ictimai-mədəni və texniki tərəqqiyə, milli-mənəvi özünüdərkə dəvət motivi ön mövqeyə çəkilmişdir. Bu məqamda şairin seçdiyi oyanmış qəhrəman “Qanma!” əmrinə “Qabili-imkanmı olur qanmamaq?” cavabını verir.

      Milli oyanışa nail olmağın yolunu şair elmə və təhsilə yiyələnməkdə, özünüdərketmədə, dünya işlərindən baş çıxarmaqda görür. Ona görədir ki, M.Ə.Sabirin yaradıcılığında məktəb, maarifçi ziyalı, məktəbə gedən uşaq, elmə, təhsilə köhnəpərəst münasibətin tənqidi mühüm yer tutur. Şərti olaraq bu tip şeirləri maarifçi satirik şeirlər adlandırmaq olar. “Bilməm nə görübdür bizim oğlan oxumaqdan”, “Neçin məktəbə rəğbətim olmayır”, ”Uşaqdır”, “Uçitellər”, “Müəllimlər syezdi”, “Oxutmuram, əl çəkin”, “Ürəfa marşı” və s. kimi satiralarında elmsizliyin, savadsızlığın bəlaları, məktəbin və təhsilin düşmənlərinin ifşası, yalnız elm öyrənməklə, təhsil almaqla özünüdərkin isbatı kimi öz dövrü üçün çox aktual olan məsələlərdən söz açılmışdır.

     Sabir dolayı yolla  məktəbin milli oyanışın,  dirçəliş və tərəqqinin əsas  hərəkətverici qüvvəsi olduğu qənaətindədir. Şairin yaradıcılığındakı cəhalət, mövhumat və fanatizmə qarşı kəskin mübarizə nəticə etibarilə köhnə həyat tərzindən və gerilikdən xilas olmaq, yeniləşməyə meyl etmək qayəsini izləyir. Cahil mollaların, mənəvi əsarətin əsas baiskarları olan yalançı din xadimlərinin tənqidi baxımından Sabir mollanəsrəddinçi şairlərin hamısından irəlidədir. Şair savadsız, köhnəpərəst, şəxsi mənafelərini üstün tutan qondarma din təmsilçilərini sadəcə tənqid etməklə kifayətlənmir, sona qədər ifşa etmək üçün onların iç üzünü, mənfur niyyətlərini böyük cəsarətlə açıb göstərir. Sabir hətta xalqdan uzaq düşən belə üzdəniraq bəndələrin yeri gəldikdə yad ölkələrin maraqlarını həyata keçirən misyonerlərlə də həmrəy ola biləcəklərini yada salır.

     Bununla belə, yalançı, ikiüzlü, riyakar din xadimlərinə barışmaz münasibət bəsləyən, M.Ə.Sabir ateist, dinsiz deyildir. O, Islam dininə inanan, ehtiram göstərən, lakin bu dindən xalqın əlehinə bir vasitə kimi istifadə edənlərə qənim kəsilən vətəndaş, Azərbaycan şairidir. Sabir “A Şirvanlılar” şeirində islam dini içərisində bölücülüyün, sünnü-şiə ayrıseçkiliyinin də əlehinə olduğunu, islamın bütövlüyünü qoruyub saxlamağa tərəfdar çıxdığını, özünün müqəddəs Qurana qail olduğunu açıq-aşkar bəyan etmişdir.

    M.Ə.Sabirin maarifçilik fəaliyyəti bu gündə dövründə olduğu qədər aktualdır. Onun hər bir məsələyə fikri dövründə əks-sədalara çevrilmişdir. Məhz buna görədə o dövrdə də indiki kimi Sabir bir şair kimi, həm də əsl insan kimi sevilmişdir. Sabirin bu maarifçilik fəaliyyəti bu gündə aktual və gərəklidir.

Haqqında olan əsərlər

Mənbə

  • Kamal Camalov. Mollanəsrəddinçilərin maarifçilik ideyaları. Bakı: Elm və təhsil, 2015.
Bölmə: Tanınmış yazıçılar və şairlər | Baxılıb: 675 | Əlavə etdi: Beynəlxalq_İnformasiya | Qiymətləndirmək: 0.0/0
Şərhlər: 0
avatar