04:28 Bayramov Adilxan Hüseynəli oğlu |
Bayramov Adilxan Hüseynəli oğlu - Tənqidçi, ədəbiyyatşünas, sənətşünas, publisist, tərcüməçi. Filologiya elmləri doktoru. Həyatı Adilxan Bayramov 1949-cu il fevralın 19-da Gürcüstanın Marneuli rayonunun (Borçalı bölgəsi) Sadaxlı kəndində anadan olmuşdur. 1966-cı ildə Sadaxlı kənd orta məktəbini gümüş medalla bitirmişdir. 1966-1971-ci ilərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsində ali təhsil almışdır. 1971-1979-cu illərdə Sadaxlı 2 saylı kənd orta məktəbində tərbiyə işləri üzrə direktor müavini, Azərbaycan dili və ədəbiyyatı müəllimi, 1979-1980-ci illərdə Səməd Vurğunun ev-muzeyində elmi işçi, şöbə müdiri işləmişdir. 1980-2007- ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində (indiki Mədəniyyət və Turizm Nazirliyində) böyük inspektor, aparıcı inspektor, baş inspektor, baş idarənin rəis müavini, baş idarənin rəisi, aparatın rəhbəri vəzifələrində çalışmışdır. 2007-ci ilin oktyabr ayında doktorluq dissertasiyası müdafiə etmiş və həmin vaxtdan Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktor müavini vəzifəsində çalışır. AdilxanBayramov elmi-tədqiqat işi ilə də fəal məşğul olur.Əsasən xalq şairi Səməd Vurğunun yaradıcılığını tədqiq edir. 1990-cı ildə "Səməd Vurğun yaradıcılığında xalqlar dostluğu" mövzusunda namizədlik, 2007-ci ildə "Səməd Vurğun yaradıcılığında insan: millilik və ümumbəşərilik" mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir.
Adilxan Bayramov ədəbi tənqid və ədəbiyyatşünaslıqla yanaşı, həm də muzey işi, teatr sənəti, təsviri incəsənət, etnoqrafiya və Azərbaycan xalçası ilə bağlı araşdırmalar aparır. "Heydər Əliyev və muzeylərimiz" (1999), "Bakı muzeyləri" (şərikli- 2006), "Tariximiz, yaddaşımız, sərvətimiz" (2007), "Sənət, sənət məbədləri, sənət fədailəri" (2015) kitablarının, "Ədəbi- xatirə muzeyləri", "Tarix- diyarşünaslıq muzeyləri", "Teatr sənətimizin inkişafında Tiflis Azərbaycan teatrının rolu (1900-1920-ci illər)" adlı metodiki vəsaitlərin müəllifi, Azərbaycan və rus dillərində bir neçə dəfə nəşr olunmuş "Üzeyir Hacvıbəyov ensiklopediyası"nın müəlliflərindən biridir. Adilxan Bayramovun qələmindən çıxmış bu nəşrlər ali məktəblərin müvafiq fakültələrində dərs vəsaiti kimi istifadə olunur. Adilxan Bayramov bədii tərcümə ilə də məşğul olur. Bir sıra səhnə əsərlərini, o cümlədən məşhur rus yazıçısı M. Bulqakovun "Morfi" hekayəsi əsasında səhnələşdirilmiş "Tövbə" pyesini rus dilindən Azərbaycan dilinə çevirmişdir. Bu tərcümələr Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən alınmış və səhnədə oynanılması teatrlara tövsiyə edilmişdir. Çoxsaylı elmi və elmi-metodiki məqalələri, habelə bədii və bədii-publisistik yazıları çap olunmuşdur. Mətbuatda vaxtaşırı "A.Byramqullu" və "A.Bayramquluoğlu" imzaları ilə bədii yazılarla çıxış edir. Müxtəlif mətbuat orqanlarında Adilxan Bayramovun özü və araşdırmaları barədə bir sıra mütəxəssislərin məqalələri dərc olunmuş, radio-televiziya verilişləri səsləndirilmiş, "Elim-obam Sadaxlı" (Bakı, 2000), "Borçalı alimləri" (Bakı, 2000) , "Azərbaycan yazıçıları"(Bakı, 2004), "Əlamətdar və tarixi günlər təqvim-2014", "Borçalının Sadaxlı dünyası" (2014) ensiklopedik-məlumat kitablarında, habelə "Azərbaycan Milli Ensiklopediyası"nda (lll cild, Bakı, 2011) və "Azərbaycan" saytında (müxtəlif dillərdə) biblioqrafik məlumat verilmişdir.
Müxtəlif vaxtlarda "Səməd Vurğun-90" fəxri xatirə diplomuna, "Səməd Vurğun mükafatı"na, digər fəxri fərman və mükafatlara layiq görülmüş, "Fəxri Mədəniyyət İşçisi" döş nişanı ilə təltif edilmişdir. Nəşr olunmuş kitablarının siyahısı
|
|
Şərhlər: 0 | |